
Müasir psixiatriyada bəzən səssiz qalan, lakin əslində çox insanın yaşadığı bir fenomen var: depersonalizasiya və derealizasiya pozuntusu. Bu vəziyyətlər insanda özünü və ya ətrafını yad, qeyri-real hiss etməyə səbəb olur.
Depersonalizasiya nədir?
Depersonalizasiya zamanı insan öz bədənini, duyğularını və ya fikirlərini sanki kənardan izləyirmiş kimi hiss edir. İnsan bədənindədir, amma özünü orada deyilmiş kimi qavrayır. Bəziləri bunu belə təsvir edir:
“Sanki bədənim mənə aid deyil, sanki bir filmin içindəyəm.”
Əlamətləri:
•Özünü “robot kimi” hiss etmək
•Emosiyaların sanki yoxa çıxması
•Sanki bədənini və ya hərəkətlərini kənardan izləmək hissi
•Öz düşüncələrinə və hisslərinə yadlaşma
Derealizasiya nədir?
Derealizasiya zamanı isə ətraf mühit qeyri-real və yad görünür. İnsan baxır, amma sanki gördüyü hər şey dumanlı, bulanıq, yuxu kimi gəlir.
Əlamətləri:
•Ətraf mühitin “plastik”, “bulanıq” və ya “süni” görünməsi
•Zamanın axışında qəribəlik hissi
•Tanış yerlərin yad gəlməsi
•İnsanlarla təmasın real gəlməməsi
Niyə baş verir?
Bu pozuntuların yaranmasında bir neçə faktor rol oynaya bilər:
•Stres və travma: Uzunmüddətli stress, travmatik hadisələrdən sonra beyin müdafiə mexanizmi kimi bu dissosiativ vəziyyətə keçir.
•Anksiyete və panik atak: Bu pozuntular bəzən yüksək narahatlıq fonunda ortaya çıxır.
•Depressiya: Əhval pozuntuları ilə birlikdə müşahidə oluna bilər.
•Yuxusuzluq və fiziki yorğunluq: Bəzən ciddi yuxu problemləri də bu hissləri yaradır.
•Sinir sistemi xəstəlikləri: Nadir hallarda digər nevroloji problemlərlə əlaqəli ola bilər.
Diaqnoz necə qoyulur?
Depersonalizasiya və derealizasiya əlamətləri bəzən panik atak, anksiyete və digər psixi pozuntularla qarışdırıla bilər. Diaqnoz psixiatr tərəfindən:
•Kliniki müsahibə
•Psixoloji testlər
•Digər tibbi səbəblərin istisnası ilə qoyulur.
Müalicə yolları
Bu pozuntu müalicə oluna biləndir. Əsas yanaşmalar:
•Psixoterapiya: Xüsusilə Kognitiv Davranış Terapiyası (KDT) effektiv sayılır.
•Medikamentoz müalicə: Əgər müşayiət edən anksiyete və depressiya varsa, antidepresanlar istifadə oluna bilər.
•Stressin idarə olunması: Meditasiya, nəfəs məşqləri, mindfulness texnikaları faydalı olur.
•Sağlam həyat tərzi: Yuxu rejimi, idman, balanslı qidalanma.
Depersonalizasiya və derealizasiya pozuntusu, ilk baxışda qorxuducu və narahatedici görünə bilər. Amma bu vəziyyət diaqnoz və düzgün yanaşma ilə müalicə oluna bilər. Əgər siz və ya yaxınlarınız bu simptomları yaşayırsa, peşəkar psixoloji və ya psixiatrik yardım almaq vacibdir.


