Ən çox verilən suallar
Məndə özgüvənsizlik var. İnsanlar tərəfindən qəbul olunmamaq qorxum var: Bunun səbəbi nədir?
İnsan sosial bir varlıq olduğu üçün digər insanlarla ünsiyyət qurmaq onun əsas ehtiyaclarından biridir. Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar.Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən pis qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən bir xəstəlikdir.Sosial fobiya haqqında danışarkən bu məqamı xüsusi ilə qabartmaq lazımdır ki, sosial fobiya adi utancaqlıqdan şəxsin gündəlik fəaliyyətinə, eləcə də sosial əlaqələrinə ciddi mənada təsir etməsi ilə fərqlənən bir xəstəlikdir.Bu fobiya daha çox yeniyetməlik yaşlarında başlayır, müalicə olunmadıqda ömür boyu davam edir. Müalicə edilməyən sosial fobiyalı xəstələrdə paralel olaraq depressiya, aqrofobiya (evdən çölə tək çıxa bilməmək) əlamətləri əksər hallarda rast gəlinir.
Bu fobiya müalicəsi olan bir xəstəlikdir. Hər şeydən əvvəl realist olmaq lazımdır. Sosial fobiya dərman terapiyası və psixoterapiya vasitəsi ilə müalicə olunur.
Salam, mən psixiatrın qəbulunda olmaq istəyirəm. Necə yazıla bilərəm?
Salam, xoş gördük sizi əziz izləyici. Zaur Qasımovun qəbulunu yazılmaq üçün +994 55 251 12 44 nömrəsi ilə əlaqə saxlayın. Bununla yanaşı Sosial Media Hesablarımızdan (İnstagram, Facebook) da qəbula yazıla bilərsiniz.
Özümü daim yorğun hiss edirəm. İşə əlim yatmır, heç nə etməyə halım olmur. Bu halın müalicəsi var?
Son dövrlərdə ətrafımızdan tez-tez yorğunluqla bağlı şikayətləri eşidirik. Bu yorğunluqların altında bir sıra xəstəliklər gizlənə bilər. Bu səbəbdən adicə yorğunluqdur deyib keçməməliyik.
İnsanın hər hansı bir fəaliyyətlə məşğul olan zaman fiziki və ya psixoloji olaraq lazımi enerjiyə sahib olmamağına “yorğunluq” deyilir. Yorğunluq fiziki, ruhi və xroniki olmaqla üç yerə ayrılır.
Gərgin iş rejiminin səbəb olduğu yorğunluq normal haldır. Ancaq, bu yorğunluq istirahət etməklə keçmir və uzun müddət davam edirsə, həkimlə məsləhətləşmək lazımdır. 6 aydan çox davam edən və dincəlməyinizə rəğmən keçməyən yorğunluq halı “xroniki yorğunluq sindromu” adlanır.
Xroniki yorğunluğun bir sıra səbəbləri ola bilər. Bu səbəblər insanın yaş dövrlərindən də asılı olaraq dəyişiklik göstərir. Gənclərdə səbəblərə depressiyanı, qanazlığını, normadan aşağı təzyiqi və s. Yaşlılarda isə şəkər xəstəliyini, böyrək, qaraciyər, həmçinin ürək-damar xəstəliklərini göstərmək olar. Xroniki yorğunluğa hər hansı xəstəlik səbəb olursa, bunu müəyyənləşdirib müalicə almaq vacibdir.
Xroniki yorğunluq sindromunu uzaq tutmaq üçün bir sıra qaydalara əməl etmək lazımdır:
• Hər gün təmiz havada 1-1.5 saat gəzmək
• Üzü soyuq su ilə yumaq
• Depressiv hallardan, stresdən mümkün qədər uzaq durmaq
• Həyata pozitiv yanaşmaq
• Həftə sonlarını mümkün qədər təbiət qoynunda keçirmək.
Özünüzə yaxşı baxın və sizə bir dəfə verilən bu həyatı doya-doya yaşayın.