Valideyn-övlad münasibətləri uşağın emosional inkişafında əsas təməllərdən biridir. Xüsusilə, valideyn sevgisinin şərtsiz və sabit formada hiss etdirilməsi, uşağın daxili təhlükəsizlik hissinin və özünə inamın formalaşması üçün həyati əhəmiyyət daşıyır. Lakin bəzi ailə modellərində sevgi bir duyğu kimi yox, bir mükafat və ya şərti reaksiya kimi təqdim olunur: “Əgər yaxşı oxusan, səni sevəcəm”, “Əgər sözümə qulaq assan, mənim əzizimsən.”
Bu cür münasibət forması uşağın emosional dünyasında ciddi çatlar yarada bilər.
Şərtsiz və Şərtli Sevgi Anlayışı
•Şərtsiz sevgi – uşağın davranışından asılı olmayaraq valideynin ona hiss etdiyi sabit və qəbul edici münasibətdir.
•Şərtli sevgi – yalnız müəyyən davranışlar və uğurlarla əlaqəli göstərilən, itirilə bilən və ya sübuta ehtiyac duyan sevgidir.
Şərtli sevgi atmosferində böyüyən uşaq, valideynin sevgisini “qazanmalı” olduğu düşüncəsi ilə formalaşır. Bu isə onun şəxsiyyət inkişafında narahatlıq, qeyri-sabitlik və qorxu hissi yaradır.
Psixi Təsirləri və Risklər
1.Sosial təsdiqləmə asılılığı (Approval-seeking)
Belə uşaqlar gələcəkdə də daim başqalarının bəyənməsinə və təsdiqinə ehtiyac duyarlar. Bu, özünü ifadə etmə və sərhəd qorumaqda çətinliklər yarada bilər.
2.Dəyərlilik hissinin sarsılması
Sevgi yalnız nəyisə “haqq etdikdə” verilirsə, insan özünü dəyərli deyil, şərtlərə bağlı hiss edir. Bu, özünə inamsızlıq, perfeksionizm və ya əksinə özünü sabotaj davranışlarına səbəb ola bilər.
3.Anksiyete və depressiya riski
Uşaqlıqda davamlı rədd edilmə və sevgi üçün mübarizə hissi gələcəkdə ümidsizlik, dəyərsizlik hissi və emosional yorğunluqla nəticələnə bilər.
4.Təkrar edən münasibət şablonları
Belə insanlar yetkinlik dövründə də sevgini qazanmalı olduqları insanlara bağlanır, toxiklik münasibətləri normallaşdıra bilirlər. “Əgər məni sevirsə, niyə sübut istəmir?” düşüncəsi travma təkrarı yarada bilər.
Şəxsiyyət pozuntuları ilə əlaqəsi
Uşaqlıqda şərtli sevgi ilə qarşılaşan fərdlərdə bəzi şəxsiyyət pozuntularının inkişaf riski artır:
•Borderline şəxsiyyət pozuntusu – sabit olmayan münasibətlər, tərk edilmə qorxusu və sevgi üçün daimi mübarizə
•Narsistik tendensiyalar – diqqət və sevgi qazanmaq üçün özünü süni şəkildə böyütmək ehtiyacı
•Anxiyoz şəxsiyyət xüsusiyyətləri – daim səhv etmə qorxusu və tənqiddən qorunmaq üçün həddindən artıq uyğunlaşma
Müalicə və psixoterapevtik yanaşmalar
•Uşaq və yeniyetmə psixoterapiyası – uşağın sevgi anlayışı yenidən qurulur və emosional ehtiyacları işlənir
•Valideyn məsləhətçiliyi və psixoeğitim – ailələrə şərtsiz sevginin önəmi izah olunur, şərtli davranışlardan uzaq durmaları üçün dəstək verilir
•Bireysel terapiya (CBT, Duygu Fokuslu Terapiya, EMDR və s.) – yetkin yaşda travmaların emalı və şəxsiyyətin möhkəmləndirilməsi məqsədi ilə istifadə olunur
Sevgi, insan psixikasının ən dərin ehtiyaclarındandır. Uşaq bu sevgini qazanmamalı, sadəcə hiss etməlidir. Valideynlərin verdiyi şərtsiz və ardıcıl sevgi, gələcəyin sağlam, güvənli və balanslı yetkinlərini formalaşdırır. Əks halda isə, “sübut tələb edən sevgi” gələcəkdə psixi sabitliyi sarsıda, emosional yorğun və toxik münasibətlərə meyilli fərdlər yarada bilər.



