“Yuxusuzluq və Gece Kabuslar: Nəzarət Altına Almaq üçün Psixoloji Yanaşmalar”

Yuxu beynin normal fəaliyyəti və orqanizmin ümumi sağlamlığı üçün əsas bərpaedici mexanizmlərdən biridir. O, yaddaşın möhkəmlənməsi, emosional sabitliyin qorunması və sinir sisteminin balansının tənzimlənməsində mühüm rol oynayır. Bioloji ritmlərə uyğun olaraq melatonin hormonu gecə saatlarında yüksələrək yuxuya getməyi asanlaşdırır, gündüz isə azalaraq oyanıqlığı təmin edir. Lakin psixoloji gərginlik, gündəlik rejimin pozulması, travmatik təcrübələr və emosional pozuntular bu tarazlığı pozaraq yuxusuzluq və təkrarlanan kabuslara səbəb ola bilər.

Kabuslar əsasən REM yuxu fazasında müşahidə olunur. Bu mərhələdə beyində emosional xatirələrin emalı aktiv şəkildə davam edir. Travmadan sonra amigdala və hipokampın fəaliyyətində yaranan disbalans neqativ emosional xatirələrin təkrar canlanmasına gətirib çıxarır. Nəticədə qorxu və təhlükə ilə bağlı emosiyalar güclənir, kabuslar tezləşir və yuxunun keyfiyyəti daha da pisləşir.

Problemin aradan qaldırılmasında psixoloji yanaşmalar əsas müalicə üsulu kimi qəbul edilir. Yuxusuzluğun korreksiyasında ən çox tətbiq edilən metod koqnitiv-bihevioral terapiyadır (KBT). Bu yanaşma sabit yuxu rejiminin formalaşdırılmasını, çarpayıdan yalnız yuxu üçün istifadə olunmasını, yatmazdan əvvəl stimulyasiyaedici fəaliyyətlərin azaldılmasını nəzərdə tutur. Kabusların müalicəsində isə “Imagery Rehearsal Therapy” (Təsəvvüri Təkrar Terapiyası) effektiv sayılır. Bu metodda pasiyent kabusun məzmununu dəyişdirərək daha neytral və ya pozitiv ssenari qurur və zehində dəfələrlə təkrar edir. Elmi araşdırmalar göstərir ki, bu üsul yeni neyron əlaqələrin formalaşmasına, qorxu reaksiyalarının zəifləməsinə və emosional tarazlığın bərpasına kömək edir.

Relaksasiya texnikaları da yuxusuzluğun və kabusların azaldılmasında mühüm rol oynayır. Meditasiya, nəfəs məşqləri və autogen təlimlər simpatik sinir sisteminin aktivliyini azaldaraq kortizol səviyyəsini aşağı salır, sakitləşməni və yuxuya keçidi asanlaşdırır. Klinik müşahidələr sübut edir ki, gündəlik 15–20 dəqiqəlik nəfəs məşqləri yuxuya getmə müddətini azaldır, dərin yuxu fazasının davametmə müddətini isə artırır.

Farmakoloji vasitələr yalnız ağır və davamlı hallarda tətbiq olunur. Anksiolitik və hipnotik preparatlar qısa müddətli fayda versə də, uzunmüddətli istifadədə asılılıq və yan təsir riski daşıyır. Buna görə də müasir psixiatriyada prioritet psixoterapevtik yanaşmalara verilir, dərmanlar isə əlavə dəstək kimi istifadə olunur.

Beləliklə, yuxusuzluq və kabuslar neyrobioloji və psixoloji mexanizmlərlə bağlı mürəkkəb pozuntulardır. Onların effektiv şəkildə idarə olunması üçün psixoterapiya, davranış dəyişikliyi və relaksasiya texnikalarının birgə tətbiqi ən optimal strategiya hesab edilir.

Çox düşünmək “Overthinking” nədir ?

  Həddindən artıq düşünmək və ya overthinking, şəxsin bir mövzu üzərində gərəksiz dərəcədə və uzun müddət düşünməsi halıdır. Bu vərdiş, insanın davamlı olaraq ən pis ssenariləri

Narsizm və onun təsirləri

Psixiatrik yardıma ehtiyac duyanların böyük hissəsi psixi pozuntulardan əziyyət çəkir. Bu pozuntulardan biri də narsizmdir. Narsist insanlar özlərini hamıdan üstün və dəyərli hesab edirlər. Onlar