Passiv istifadə davranışları — yalnız izləyici olmaq, paylaşım etməmək və qarşılıqlı ünsiyyət qurmaqdan çəkinmək — daha çox sosial müqayisə hissi yaradır və nəticədə özünəinamın zəifləməsinə, emosional tükənməyə və yalnızlıq hissinin artmasına səbəb olur.
Sosial şəbəkələrdə idealizə olunmuş həyat tərzinin təqdimatı, vizual filtrlərlə dəyişdirilmiş görüntülər və bədən imicinə dair təzyiqlər, xüsusilə yeniyetmə qızlar arasında bədənindən narazılıq, emosional gərginlik və depressiv əlamətlərin yaranmasına gətirib çıxarır. Bu kontentlər gənclərdə real həyatdan uzaq gözləntilər formalaşdıraraq özünüqiymətləndirmənin pozulmasına səbəb ola bilər.
Bundan əlavə, onlayn zorakılıq (cyberbullying) sosial mediadan istifadənin psixoloji təhlükələrindən biridir. Təzyiq, təhqir, təklid və ictimai alçaldılma halları, xüsusilə həssas yaş dövründə olan gənclərdə özünəhörmətin azalması, emosional stabilliyin pozulması və intihar düşüncələrinin formalaşması ilə nəticələnə bilər.
COVID-19 pandemiyası dövründə bu mənzərə daha da ağırlaşdı. Artan ekran vaxtı, sosial izolyasiya və informasiya yüklənməsi səbəbilə gənclərdə emosional yüklənmə və xroniki stress halları artdı. Sosial media bu dövrdə həm əlaqə vasitəsi, həm də stress və müqayisə mənbəyi kimi ikiqat funksional rol oynadı.
Cins fərqləri də bu prosesdə mühüm rol oynayır. Qız gənclər daha çox bədən imici və sosial təzyiq, oğlan gənclər isə status, oyun performansı və rəqabət ilə bağlı narahatlıqlar yaşayırlar. Bu da onların psixoloji reaksiyalarını və sosial mediaya qarşı həssaslığını fərqləndirir.
2025-ci ildə Britaniyada aparılmış bir araşdırma göstərmişdir ki, psixiatrik diaqnozu olan gənclər, sosial mediada daha çox vaxt keçirir, lakin bu qarşılıqlı təsirdən daha az məmnun qalır, eyni zamanda daha çox emosional təsirə məruz qalırlar. Bu fakt göstərir ki, gənclərin mövcud psixi vəziyyəti onların rəqəmsal davranışlarını və emosional reaksiyalarını əhəmiyyətli dərəcədə dəyişdirə bilər.
Dünya Səhiyyə Təşkilatının (WHO) son statistik məlumatlarına əsasən, 10–19 yaş arası hər yeddi yeniyetmədən biri psixi pozuntularla üzləşir və bu yaş qrupunda depressiya və anksiyete ən geniş yayılmış problemlər sırasındadır.



