Dəfələrlə yoxlamağımın səbəbi nədir?

“Hər şeyi etdiyimi bilirəm, amma yenə də yoxlamaq istəyirəm.” Bunun səbəbi nədir?

Bəzən insan müəyyən bir şeyi bildiyi və əmin olduğu halda belə, onu təkrar-təkrar yoxlamaq ehtiyacı hiss edə bilər. Qapını bağladığını bildiyi halda yenidən yoxlamaq, qazı və ya ütünü dəfələrlə kontrol etmək, əllərini həddindən artıq yumaq və ya müəyyən düşüncələrdən qurtulmağa çalışmaq buna nümunə ola bilər.

Bu davranışlar sadəcə “çox diqqətli olmaq” deyil, bəzi hallarda obsessiv-kompulsiv pozuntunun (OKP) əlaməti ola bilər.


OKP özünü necə göstərir?

🔹 Təkrarlanan və istənməyən düşüncələr
İnsanın istəyi xaricində ağlına davamlı olaraq narahatedici, qorxuducu və ya arzuolunmaz düşüncələr gələ bilər. İnsan bu düşüncələrin məntiqsiz olduğunu bilsə də, onları dayandırmaqda çətinlik çəkə bilər.

🔹 Təkrar yoxlama ehtiyacı
Qapını bağlamaq, qazı söndürmək, elektrik cihazlarını yoxlamaq kimi davranışlar dəfələrlə təkrarlana bilər. İnsan yoxladığını bilsə də, “bəlkə də düzgün yoxlamadım” düşüncəsi yenidən yoxlamağa səbəb olur.

🔹 Təmizlik və gigiyena ilə bağlı həddindən artıq narahatlıq
Mikroblardan və çirklənməkdən güclü qorxu insanı əllərini və ya ətrafını dəfələrlə təmizləməyə sövq edə bilər.

🔹 Düşüncələri neytrallaşdırmaq cəhdi
Bəzən insan narahat edən düşüncəni azaltmaq üçün müəyyən sözləri təkrarlayır, sayır və ya müəyyən hərəkətləri etməli olduğunu hiss edir.

🔹 Qısa müddətli rahatlama
Kompulsiv davranışı etdikdən sonra insan bir müddət rahatlıq hiss edə bilər. Lakin bu rahatlıq adətən uzun sürmür və eyni narahatlıq yenidən ortaya çıxa bilər.


OKP gündəlik həyata necə təsir edir?

Davamlı obsesiv düşüncələr və kompulsiv davranışlar insanın vaxtını ala, diqqətini yayındıra və gündəlik fəaliyyətlərini çətinləşdirə bilər. Bəzən insan müəyyən davranışları etmədikdə güclü narahatlıq hiss edir və özünü həmin davranışı təkrarlamağa məcbur hiss edir.


Bəs hər təkrarlanan davranış OKP deməkdirmi?

Xeyr. Hər kəsin müəyyən şeyləri təkrar yoxlaması və ya səliqəyə diqqət etməsi OKP olduğu anlamına gəlmir. Əsas məsələ bu düşüncə və davranışların nə qədər tez-tez təkrarlanması, insanın onları idarə edə bilməməsi və gündəlik həyatına nə dərəcədə təsir etməsidir.


Nə vaxt mütəxəssisə müraciət etmək lazımdır?

Əgər təkrarlanan düşüncələr və davranışlar sizdə güclü narahatlıq yaradırsa, gün ərzində çox vaxtınızı alırsa və işinizə, yuxunuza və münasibətlərinizə təsir edirsə, mütəxəssisə müraciət etmək faydalı ola bilər.

OKP sadəcə “çox düşünmək” və ya “dəqiqliyi sevmək” deyil. Doğru qiymətləndirmə və uyğun müalicə ilə bu vəziyyəti idarə etmək mümkündür.